Bakı, Azərbaycan, 19 aprel 2017-ci il —
Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) Azərbaycanda ilk özəl kredit bürosunun yaradılmasını dəstəkləyərək, ölkənin maliyyə təşkilatlarına kredit məlumatını paylaşmağa, kredit risklərini idarə etməyə və, nəticə etibarilə, borcalanlar, o cümlədən kiçik və orta sahibkarlar üçün maliyyənin əlçatımlığını artırmağa kömək edir.
Kredit bürosunun təsisçiləri – 20 yaxın yerli maliyyə təşkilatları və dünyada kredit məlumatları və risklərin idarəolunması sahəsində aparıcı xidmət təchizatçısı kimi tanınan Creditinfo şirkəti - bu gün Bakıda ilk özəl kredit bürosunun təsis sənədlərini imzaladılar. Son iki il ərzində IFC məsləhət xidmətlərini göstərməklə və bu sahəyə aid global təcrübəsini bölüşməklə kredit bürosunun yaranmasını dəstəkəmişdir.
Dünya Bankının 2017-ci il Doing Business hesabatında “kredit alınması” indikatoru üzrə Azərbaycan dünya ölkələri arasında 118-ci yerdədir. Kredit bürosunun yaradılması kreditləşməni asanlaşdırmağa və daha məsuliyyətli borclanma praktikalarını tətbiq etməyə kömək edəcək. Borcalanlar öz kredit məlumatlarını büro ilə paylaşmaq üçün razılıq vermək hüququnu saxlayırlar.
“Hazırda mövcud olan dövlət kredit reyestri ilə müqayisədə, özəl kredit bürosunun istifadəçi sayı daha çox, məlumat mənbələri isə daha geniş olacaq. Məsələn, burada lizinq şirkətlərinin, eləcə də qeyri-ənənəvi kreditorların, o cümlədən mobil operatorları, ticarət krediti və kommunal müəssisələrinin maliyyə məlumatları nəzərə alınacaq,” – Creditinfo şirkətlər qrupunun təsisçisi və rəhbəri Reynir Qretarsson söylədi. “Bütün borcların bir faylda göstərilməsi maliyyə təşkilatları və kreditorlara riskləri daha səmərəli qiymətləndirməyə kömək edərək, borclanma xərclərini azaldacaq və kredit məhsullarının əlçatımlığını artıracaq.”
“Region ölkələrində, o cümlədən Azərbaycanda baş vermiş son hadisələr riskləri azaltmaq və maliyyə sektorunu gücləndirilmək ehtiyacını gündəmə gətirir,” – deyərək IFC-nin Azərbaycandakı Daimi Nümayəndəsi Aliyə Əzimova qeyd etdi. – “Səmərəli məlumat mübadiləsi ölkədə borcların qaytarılmaması səviyyəsini azaltmağa və kredit həcmlərini artırmağa kömək edəcək. Kredit bürosu həm də borcalanlar üçün faydalı olacaq, çünki müsbət kredit tarixçəsi şəxsin maliyyəyə çıxışını genişləndirir.”
IFC həmçinin kredit məlumatlarının paylaşması sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan hökuməti ilə qanunvericilik islahatı çərçivəsində əməkdaşlıq edir. IFC-nin məsləhətçi yardımı ilə hazırlanmış və 2016 ilin dekabrında Milli Məclis tərəfindən qəbul edilmiş “Kredit büroları haqqında” Qanun özəl kredit bürosunun yaradılması üçün qanunvericilik bazasını təmin edir.
2009 ildən etibarən, IFC-nin Azərbaycan – Mərkəzi Asiya Maliyyə İnfrastrukturu Layihəsi, Dünya Bankı Qrupunun Maliyyə və Bazarlar üzrə Qlobal Praktikasının bir hissəsi olaraq, Azərbaycanın maliyyə infrastrukturunu möhkəmləndirmək məqsədilə ölkədə kredit bürolarının inkişafını, habelə ayrıca risk idarəetməsi funksiyasının yaradılmasını və Azərbaycanda daşınar əmlakın yüklülüyü (təminatlı əqdlər) islahatının həyata keçirilməsini dəstəkləyir. Layihə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və sənaye sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə 473 milyon ABŞ dollarından çox yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 80 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını təşviq etmək məqsədilə bır sıra məsləhət xidmətləri layihələri icra edib.
2016 maliyyə ilində IFC inkişafda olan ölkələrə 19 milyard ABŞ dollara yaxın məbləğdə investisiyalar etmişdir.
IFC haqqında
IFC, Dünya Bankı Qrupunun üzvü olaraq, dünyada özəl bölmənin inkişafını hədəfləyən ən iri inkişaf təşkilatıdır. Biz 2000-dən çox özəl müəssisə ilə işləyərək, 60 illik təcrübəmizdən yararlanaraq, buna ən çox ehtiyac duyulan yerlərdə yeni imkanlar açırıq. 2016 maliyyə ilində inkişafda olan ölkələrdə uzun-müddətli sərmayələrimizi az qala 19 milyard ABŞ dollarına yüksəldərək, biz kapital, təcrübə və təsirimizdən istifadə edib özəl bölməyə ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa kömək edirik. Daha ətraflı məlumat üçün internet saytımızla tanış olun:
www.ifc.org
.
Bizi izləyin