Share this page

Dünya Bankı Qrupu və Azərbaycan Tərəfdaşlığı Gücləndirilmək üçün Saziş imzalamışlar

BAKI, 19 noyabr 2021 – Bu gün Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı Qrupu Azərbaycanda Ofislərin Qurulması və Fəaliyyətinə dair Saziş imzalamışlar. Bu Saziş Azərbaycan Respublikası adından Maliyyə Naziri cənab Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Vitse-Prezidenti xanım Anna Byerde tərəfindən imzalanmışdır.

Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov və Azərbaycan Respublikası Mərkəzi Bankının sədri cənab Elman Rüstəmov da imzalanma mərasimində iştirak etmişlər. Ofislərin Qurulması və Fəaliyyətinə dair yeni Sazişin imzalanması dayanıqlı, inkluziv və bərabər artım vasitəsilə yaşıl və dayanıqlı iqtisadi bərpaya nail olma istiqamətində birgə səylərin dəstəklənməsi məqsədilə Dünya Bankı Qrupunun Azərbaycandakı fəaliyyətini, o cümlədən Bakıdakı ofislərinin idarə edilməsini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

"Dünya Bankı ilə əməkdaşlığımız müddətində Azərbaycan aşağı gəlirli ölkədən Dünya Bankı Qrupunun dünyanın ən yoxsul ölkələrinə yardım göstərən qolu olan Beynəlxalq İnkişaf Assosiasiyasının donoruna qədər heyrətamiz yol keçmişdir", - Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov demişdir, - "bu gün imzalanan Saziş bu nailiyyətlərin daha da güclənməsinə yardım edəcək".

Dünya Bankı Azərbaycanda bir çox inkişaf prioritetlərini, o cümlədən insan kapitalının inkişafı, infrastruktur, ictimai xidmətlər və iş yerlərinə əlçatanlığın yaxşılaşdırılması, kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması və kənd yerlərinin inkişafı, eləcə də məcburi köçkünlərin gəlir imkanlarının dəstəklənməsini əhatə edən 50-dən artıq layihəni maliyyələşdirmişdir. Bu layihələr üçün ümumilikdə 4,4 milyard dollar vəsait ayrılmışdır.

"Biz Azərbaycan Hökuməti ilə əməkdaşlığımızı inkişaf etdirəcəyimizə və gücləndirəcəyimizə, eləcə də Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası və məqsədlərinə dəstək olaraq Dünya Bankının təklif edə biləcəyi ən qabaqcıl təcrübə və bilikləri ölkəyə gətirə biləcəyimizə ümid edirik", – Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Vitse Prezidenti xanım Anna Byerde demişdir.

İnkişaf etməkdə olan bazarlarda özəl sektora dəstək sahəsində ixtisaslaşan ən iri qlobal təşkilat olan IFC – Dünya Bankı Qrupunun üzvü – Azərbaycanda özəl sektoru dəstəkləməkdədir və səfərbər olunan resurslar da daxil olmaqla ölkəyə təxminən 850 milyon dollar investisiya yatırmışdır.

"Dinamik özəl sektor iqtisadi artım üçün çox vacibdir. Bu Sazişin imzalanması ölkənin özəl sektorun lokomotiv olacağı iqtisadi şaxələndirmə istiqamətində tədbirləri həyata keçirdiyi vaxta təsadüf edir. IFC Azərbaycanda özəl sektorun təşviq olunması ilə davamlı iqtisadi artımın dəstəklənməsini davam etdirməkdə əzimlidir", – BMK-nın Avropa, Latın Amerikası və Karib regionu üzrə Vitse Prezidentinin vəzifələrini icra edən xanım Vebke Şlemer demişdir. 2022-ci ildə, həmçinin, Azərbaycanın Dünya Bankına üzvlüyünün 30-cu ili tamam olur.

Bizimlə əlaqə yaradın
www.facebook.com/IFCwbg
www.twitter.com/IFC_org
www.youtube.com/IFCvideocasts
www.ifc.org/SocialMediaIndex
www.instagram.com\ifc_org